Məzmuna keç

Bilmərəm (Miskin Abdal)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bilmərəm
Müəllif: Miskin Abdal
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm.
Qırxlar piri özü süzüb ayağına atəşi,
Alışıram Səməndərtək, narın üzə bilmərəm.
  
Dərviş gərək bu meydanda qurban olsun baş-başa,
Mürşüdündən üzü dönməz, dünya gəlsə baş-başa,
Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa,
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm.
  
Miskin Abdal, eşq əhlisən, ömrün vermə badə hey,
Özün haqsan, haqq əlindən götür nuş et badə hey.
Məhşər günü tab etməzsən. salxum-salxum badə hey,
Nə tutmusan özün dərviş, narın üzə bilmərəm.