Bilmirəm, ya rəb, yenə qəlbimdə bu qovğa nədir
Bilmirəm, ya rəb, yenə qəlbimdə bu qovğa nədir Müəllif: Məhəmməd Əmin Dilsuz |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Bilmirəm, ya rəb, yenə qəlbimdə bu qovğa nədir,
Axiri-ömrümdə bu başımdakı sövda nədir,
Gəh çəkər deyrə, gəhi bütxanə, gah məscidə,
Bilmirəm məscid nədir, deyrü kəlisa həm nədir,
Hər nə gəzdim məscidü meyxanəvü bütxanədə,
Bilmədim kimdir müsəlman, kafərü tərsa nədir.
Aqiləm ya cahiləm ya möminəm ya kafirəm,
Bilmədim cahil nədir dünyada ya dana nədir.
Zahidü müftiyü şeyx şəhnəvü ya zöhdü fisq,
Nurü zülmət, xeyrü şər ya ziştü ya ziba nədir.
Eşq Məcnun eyləyib saldı məni səhralərə,
Bilmədim Məcnun nədir, Leyla nədir, səhra nədir.
Güldə nə hüsnü təravət, ya nədir bülbüldə şur,
Gül nədir, gülşən nədir, ya bülbüli-şeyda nədir.
Neçə müddətdir təkəlüm eylərəm mən nikü bəd,
Bilmədim bu dil nədir, ya dildəki guya nədir.
Ey məni xəlq eyləyən xaliq, özün imdad qıl,
Qalmışam valeh ki, bu dünya nədir, üqba nədir.
Gündə yüz yol kafir ollam, yüz yol iman istərəm,
Bilmədim Firon kimdir, həzrəti-Musa nədir.
Turi-Sinadə münacat eylərəm xəllaq ilə,
Gəh əsanı əjdəha etmək yədi-beyza nədir.
Gah nəfsə əql olur qalib deyir: key nəfsi-şum,
Munca gəl sərkeşlik etmə, xahişi-bica nədir.
Bircə insaf eylə sən də zahidi-bidin tək,
Bir belə hər gündə nahəq verdiyin fitva nədir.
Bir gecə bu fikr ilə yatdım dedim: Ya zülcəlal,
Sən mənə bildir görüm surət nədir, məna nədir.
Hatifi-qeyb ol zaman verdi cavab; - Ey bixəbər,
Bir belə bihudə fikrü-zahirü ixfa nədir.
Bilməsən kimdir bu övzayə səbəb ruzi-əzəl,
Bəsi-icadi-aləm, Adəmü Həvva nədir.
Sirri-həq damadi-peyğəmbər əmirül-möminin,
Görmüsən sən ol Əliyyi-aliyü əla nədir.
Dilsuza, qıl müxtəsər bu qisseyi-dilsuzi sən,
Əcz ilə ərz et xudayə bu qəmi-üzma nədir.
Lənət eylə sən Yəzidə həşr olunca dəmbədəm,
Zülmi-bihədd etdi zalim, bilmədi fərda nədir.