Bir şuxi gözüm gördü gözəllər bulağında

Vikimənbə saytından
Bir şuxi gözüm gördü gözəllər bulağında
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 94

Bir şuxi gözüm gördü gözəllər bulağında,
Bir cüt qara xal mənzil edib al yanağında.

Bir şux idi ki, qaməti rəna, gözü şəhla,
Açmışdı təbəssüm yeli qönçə dodağında.

Görsə bu vəcahətlə əgər o şəhi-hüsni,
Təzim eləyər afəti-dünya qabağında.

Kirpikləri düşmüşdü gözüm dövrünə bir-bir,
Adətdi, bitər çünki qamış çay qırağında.

Bir dəfə könül öpmüş onun ləli-ləbindən,
Ta indiyəneycən dadı qalmış damağımda.

Hicran çölün ol qədri gəzib aşiqi-rüsva,
Əldən düşüb artıq gücü yoxdur ayağında.

Ey dil, ayıq ol cəhd elə, çün madəri-dünya,
Çox şəxsə çalıb lay-lay uyutmuş qucağında.

Azmaz yolunu, hər kəsə cahil kimi uymaz,
Həqqin sözünü sırğa edənlər qulağında.

Ey zülməti-cəhl içrə azan, rahi-Xuda tut,
Qoy qəlbin işıqlansın hidayət çırağında.

Didarına talibdi Vüqar aşiqi-xəstə,
Son dəmləridir, can çəkişir can yatağında.