Bir ayrılıq, bir yoxsulluq, bir ölüm

Vikimənbə saytından
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm
Müəllif: Qaracaoğlan
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Vara-vara vardım o qara daşa,
Həsrət qoydun məni qohum-qardaşa.
Səbəb nə tökülən bu qanlı yaşa? –
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

Neçə sultanları taxtdan endirdi,
Neçəsinin gül bənizin döndərdi,
Neçəsini gəlməz yola göndərdi,
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.

Qaracaoğlan der: Qondum, köçülməz,
Əcəlin şərbəti – acı içilməz.
Üç dərdim var bir-birindən seçilməz,
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.