Bir bəzm ola ki, bir mən olam, bir də yar ola

Vikimənbə saytından
Bir bəzm ola ki, bir mən olam, bir də yar ola
Müəllif: Məhəmməd Tağı Sidqi
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Bir bəzm ola ki, bir mən olam, bir də yar ola,
Gülzar ola, çəmən ola, fəsli-bahar ola.

Hargiz o bəzmə olmaya biganənin yolu,
Əğyarlar, rəğiblər ondan kənar ola.

Saqi o bəzmdə döşəyə mey büsatını,
Mən məst olanda yar içə, məndən xumar ola.

Bır yanda cami-mey ola, bir yanda həm kabab,
Bir əldə stəkan ola, bir əldə tar ola.

Gəh qollarım həmayil ola yar boynuna,
Gahi üzüm üzündə, gözüm əşkbar ola.

Gahi əlin mən əlimə alam, gah zülfünü,
Gahi düşəm ayağına, cismin qubar ola.

Gahi çəkəm kənarıma, ləli-ləbin öpəm,
Biganələr kənara gedib, şərmsar ola.

Çoxlar yazıbdı şeri-dilvazi, inanmaram,
Sidqi kimi zamanədə mətləbi-nigar ola.