Məzmuna keç

Bir gün (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Bir gün (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Hicranlar, ələmlər, tufanlar içrə
Qısıq bir səs kimi eləcəyəm bən!
Böyle göz yaşıyla keçən ömrümün
Sonunda bir acı güləcəyəm bən!

Eşqimin ne imiş bilməm günahı?
Yıxıldı qəlbimin istinadgahı.
Nəsibim olsa da dünyanın ahı,
Bir gün göz yaşımı siləcəyəm bən!

Yaxında didarın nəsib olmasa,
Ümidsizlik bəni düşürməz yasa!
Alaraq əlimə dəmirdən əsa
Bir gün hüzuruna gələcəyəm bən!

Tutuldum tufana, sarıldım sana,
Sən ey qırıq qələm, gəl bir tüğyana!
Dözmək güc olarsa böylə hicrana,
Səninlə dərdimi böləcəyəm bən!..