Bir lövhə
Bir lövhə Müəllif: Mikayıl Müşfiq |
İştə səksən yaşında beli bükük bir qadın
Aylar, illər bilmədən qırmış qolun, qanadın.
Zaman çəkmiş canına gözlərinin nurunu,
Ömrü almış əlindən qəlbinin sürurunu.
Vücudunun son bahar yaprağından fərqi yox,
Dodağında bir gülüş, bir qaynayan şərqi yox.
Çöhrəsində pərişan buludların var əksi,
Əllərində sərinlik- bir məzar hədiyyəsi.
Əmmiş uzun illərin baharını, qışını,
Məclislərin bulunmuş nəşəsində, qəmində,
Bürümüş ən nəhayət kölgələr baxışını,
İndi gəzər xəyalı məzarlıq aləmində.
O yenə yaşamaqdan bıqmamış, usanmamış,
O yorğun, o ziyasız, o qüvvətsiz, o qamış
Vücudilə yenə də ömr sürmək istiyor,
“Ah, nə olur bir az da gözlərim görsə!...” diyor,
Ey hənuz gəncliyimin dəmlərini yaşıyan,
Qəlbində gur dalğalı çağlayanlar daşıyan,
O səksən yaşlı qadın yaşamaq istiyorkən
Bilməm neçin həyatdan uzaqlaşmadasın sən?