Məzmuna keç

Bir müəllim tanıyıram

Vikimənbə saytından
Bir müəllim tanıyıram (2022)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Zəngilanın səsi", № 5979, 01-25 oktyabr 2022. səh.8

Bizi əmim oğlu, şair Qılman İman tanış etmişdi: “Araz, tanış ol, ədəbiyyat müəllimi, şair, publisist Mütəllim müəllimdir, Zəngilanlıdır. Köçkün kimi ailəsi ilə Tibb Universitetinin yataqxanasında məskunlaşıblar”.
Üzündən nur yağan Mütəllim müəllimlə tanışlığımız belə başladı. O gündən tez-tez görüşür, şeir və məqalələr, tarix və ədəbiyyat haqqında müzakirələr aparır, maraqlı söhbətlərinə qulaq kəsilirdim. Onda Mütəllim müəllim Məhəmməd Ələkbərlinin təsis etdiyi qəzetdə redaktor kimi də işləyirdi. Amma əsas işi hamımız üçün müqəddəs olan MÜƏLLİMLİK idi. Şagirdlərə dil-ədəbiyyatdan dərs keçər, ailəsini halal müəllim maaşı ilə dolandırardı. Ona görə keçmiş zamanda yazıram ki, artıq Mütəllim müəllimin 67 yaşı var. Yaşa görə təqaüdə çıxdığından indi evdə gözəl-göyçək nəvələri ilə vaxtını keçirir. Onlara şeir, bayatı, nağıl söyləyir.
Mütəllim Saleh oğlu Həsənоv 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan оlub. 1961-1972-ci illərdə N.Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxuyub. 1972-1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil alıb. 1976-1993-cü illərdə özünün də təhsil aldığı, doğma məktəbdə ədəbiyyat müəllimi işləyib. Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifə daşıyıb. Ali kateqoriyalı ədəbiyyat müəllimdir.
30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Mütəllim müəllim də digər həmkəndliləri kimi doğulub boya-başa çatdığı Məmmədbəyli kəndini məcburən tərk etməli olmuşdur. Köçkünlük taleyi yaşamağa məcbur olan Mütəllim Həsənоv Bakı şəhərində məskunlaşır. Elə o vaxtdan da Bakıda fəaliyyət göstərən Zəngilan rayon 20 nömrəli tam orta məktəbdə müəllim işləyib. Məmmədbəyli kənd orta məktəbində olduğu kimi, burada da gələcəyimiz olan uşaqlara dərs keçib. Hər zaman şərəfli müəllim adını uca tutub. Bu adın məsuliyyətini hiss edib.
Mütəllim Həsənоv dərs dediyi şagirdlərdə ədəbiyyata maraq yaratmış, onlara bu fənni sevdirə bilmişdir. Bunun nəticəsidir ki, onun şagirdlərindən elmlər doktoru Telman Nüsrətoğlu, eləcə də Vahid Məhərrəmov, Şəfaqət Cavanşirzadə, Bərxudar Səlimoğlu (hər üçü Azərbaycan Yazıçılar Birliyinin üzvüdür) kimi yazıçılar yetişmişdir. Həmçinin Mütəllim müəllimin peşəsini davam etdirən, hazırda Azərbaycan dili və ədəbiyyat fənnlərini tədris edən bir çox şagirdləri də vardır. Səma Salmanova, Rəşid Yusifli, Elnurə Qurbanova və başqaları onun yolunu şərəflə davam etdirir, gənc nəslə dilimizin və ədəbiyyatmızın incəliklərini öyrədirlər.
Mütəllim Həsənоvun ilk yazısı 1986-cı ildə “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında nəşr olunub. O, Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını tədris etməklə kifayətlənməmiş, hər zaman ədəbi proseslərdə yaxından iştirak etmişdir. Özü də bir qələm sahibi kimi şeirləri və publisistik yazıları ilə oxucularının sevimlisinə çevrilmişdir.
“İslahat” qəzetinin redaktor müavini, “Etiraf” qəzetinin redaktoru olduğu illərdə xüsusən onun yazılarının daimi oxucuları vardı. Elə həmin illərdə o Azərbaycan Jurnalistlər Birliyinin üzvülüyünə qəbul edildi. Daha sonra “Həsən bəy Zərdabi” mükafatı ilə də təltif olundu.
“Dağlar bizi bağışlayar” adlı şeiri ilə ədəbiyyata gələn Mütəllim Həsənоvun sonralar “Kefdən gəlməmişəm bu şəhərə mən” adlı şeirlər kitabı çap olundu və böyük oxucu sevgisi qazandı. Kitabda Vətən həsrəti, el-oba itkisi həzin notlarla könülləri təlatümə gətirir, oxucunu düşünməyə vadar edir. Mütəllim müəllim həm də bir neçə kitabın tərtibçisi və redaktoru, ön söz müəllifidir. İndi də imzasını bəyəndiyi müəlliflərin yeni çap olunan kitabları haqqında rəy və mülahizələri ilə mətbuatda çıxış edir.
Bu yaxınlarda, Beynəlxalq Müəllimlər Günündən bir neçə gün əvvəl Mütəllim müəllimlə görüşdük, onun uzun illərdi üzərində işlədiyi “Qərib məzarlar” adlı kitabını çapa hazırlayıb mətbəəyə göndərdik. Kitabda müəllifin köçkünlükdən başlayaraq Məmmədbəylilərin vətən həsrətinə dözməyib, doğma Zəngilana qovuşmadan dünyadan köç edənləri haqqında ayrı-ayrı oçerkləri toplanıb. Kitabın redaktoru kimi deyə bilərəm ki, “Qərib məzarlar” fundamental bir tarixi kitabdır. Həm də bu kitab gələcək nəsillər üçün kompas rolunu oynayacaq. Belə ki, qəriblikdə müxtəlif məkanlarda yaşayıb vəfat edən insanların dəfn olunduğu yerləri ən azı tanıyıb bilmək baxımından çox vacibdir. Həmçinin kitabda Məmmədbəyli kəndinin ta qədimlərdən günümüzə qədər tarixi, mədəniyyəti, tanınmış şəxsləri haqqında ətraflı məlumatlar öz əksini tapıb.
Bu gün Mütəllim Həsənоvun doğulduğu Məmmədbəyli kəndi azaddır. Qəhrəman oğullarımız 44 günlük Vətən müharibəsində qədim və əzəmətli çinarları ilə tanınan Zəngilan rayonunu da işğaldan azad etdilər. İgidlərimiz qanları, canları ilə müqəddəs torpaqlarımızı mənfur düşmənlərdən təmizlədilər. Məmmədbəyli kəndi düz 27 illik işğaldan sonra 20 oktyabr 2020-ci ildə azad olundu. Onda zəng edib Mütəllim müəllimi təbrik etdim, onun daha köçkün olmadığını dedim. Onun nə qədər sevindiyini söz ilə çatdırmaq çətindir.
Zəngilan rayonunda sürətli bərpa və quruculuq işləri icra olunur. Artıq Ağalı kəndində məskunlaşma var, Zəngilan Beynəlxalq Hava Limanında sınaq uçuşu keçirilib. İnanıram ki, yaxın illərdə Mütəllim Həsənovun da doğulduğu Məmmədbəyli kəndi bərpa olunacaq və onlar da isti ocaqlarına, ev-eşiklərinə qovuşacaq, doğma yurdda şad-xürrəm yaşayacaqlar.
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə əsl müəllim, qayğıkeş pedaqoq Mütəllim Həsənovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayıram.