Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə
Görünüş
Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə Müəllif: İmadəddin Nəsimi |
Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə,
Lütf ilə nəzər qıldı mana, sundu piyalə.
İçdim qədəhi-pürmeyi mə’şuqə əlindən,
Cismim qamu can olduvü can uğradı halə.
Can məsti-ələst olduvü la-yə’qəlü heyran,
Könlüm qədəhi dürdü içib irdi zülalə.
Hər bir səri-mu Mənsur olub söylər ənəlhəq,
Həqqa mey içənlər irişərlər bu xəyalə.
Hər kimi ki, yaxmadıvü yandırmadı firqət,
İrmədi Xəlil kimi bu gün nuri-vüsalə.
Yandırdı, bəli, eşqin odu, qıldı məni kül,
Eşqində kül olan irişər külli-kəmalə.
Dəxi nedərəm dünya mənə ərzani qılsa,
Səni dilərəm, qılma məni qeyrə həvalə.
Seyyid, qədəh iç, əbsəm, əzəldən şəhi-təqdir
Hər kimsəyə öz qədri ilə sundu nəvalə.