Bir tikə

Vikimənbə saytından
Bir tikə
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.50-51

   
Çörək müqəddəsdir, çörək əzizdir,
İnsanları yaşadandır bir tikə.
Nadanlara zurna çalsan, eşitməz,
Aqillərə dağ aşırar bir tikə.

Yolçu yolda əgər qalarsa naçar,
Bir tikə çörəklə məcazın açar,
Qıyımlıya Cənnət qapısın açar,
Qıyımsızı savaşdırar bir tikə.

Həyat özü yaxşı-pisi ələyər,
Hərəni öz bələyinə bələyər,
Halallara uğurlu yol diləyər,
Haramxoru dolaşdırar bir tikə.

Bilal yazdı bu sözlərin sətrini,
Cənnət meyvəsidir, duysan ətrini,
Çörəyi düz kəsən bilər qədrini,
Yerində qan barışdırar bir tikə.