Məzmuna keç

Bir xəbər gətir

Vikimənbə saytından
Bir xəbər gətir
Müəllif: Aşıq Nəcəf Daşkəndli

Birinci variant

[redaktə]

Könül quşu, uç get Vətən elinə,
Mənə o ellərdən bir xəbər gətir.
Yetir əhvalımı nər igidlərə,
Qasımı, Ziyadı bir təhər gətir.

Görsən nələr çəkir uğursuz ana,
Deginən: ömürü getdi bədfəna.
Qoy düşmən gülləsi dəyməsin mana,
Daşkənddən içməyə bir zəhər gətir.

Nəcəf bilmir harda qaldı Gülüstan,
Şəmsəddin, Şəmistan, Mikayıl, Astan.
İsmayıl körpəydi çıxmadı yasdan,
Xudam, sən üzünə xoş səhər gətir!

  • Mənbə:
  1. Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.21

İkinci variant

[redaktə]

Könül quşu, uç get ana Vətənə,
Elimdən, obamdan bir xəbər gətir.
Əhvalımı yetir nər igidlərə,
Qohumdan, qardaşdan bir təhər gətir.

Kimə qılım fəryadımın dadını?
Mən bilmədim polkovnikin adını.
Bu insafsız vurdu öz arvadını,
Yoldaşdan, sirdaşdan bir xəbər gətir.

Qaynar samovar bağladılar belimə,
Məşədi Qasım pəriskardı elimə.
Barı, İlahi, əlin yetir əlimə,
İdrisdən, Ziyaddan bir xəbər gətir.

Görsən nələr çəkir çarəsiz ana,
Deginən ki, ömürüm getdi bəd fəna.
Düşmənin gülləsi dəyməsin mənə,
Daşkənddən içməyə bir zəhər gətir.

Nəcəf deyər, harda qaldı Gülüstan,
Şəmiddin, Şəmistan, Mikayıl, Aslan.
İsmayıl körpəydi çıxmadı yasdan,
İlahi, mənə bir xoş xəbər gətir!

  • Mənbə:
  1. "Daşkənd və daşkəndlilər", Bakı, Hərbi Nəşriyyat, 2012. səh.35