Məzmuna keç

Bir zaman

Vikimənbə saytından
Bir zaman
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Əsli haram olsa varın, dövlətin,
Artıb dövlət olmaz, itər bir zaman.
Olarsa həyatda vəfalı dostun,
Qaldırıb qolundan tutar bir zaman.

Alova düşsən də dostu unutma,
Hər nadan sözüylə ilqarı atma,
Şeytana bac verib zalımlıq etmə,
Müşkülün, mətləbin bitər bir zaman.

Bulunma şər işdə, bulunma qalda,
Tamahın olmasın şöhrətdə, pulda,
Xüdpəsənd olmasan qalmazsan darda,
Tərəqqin halını ötər bir zaman.

Nəcəf, məhəbbəti çoxdu insanın,
Süfrədə nan yeyib çörək basanın,
Əsli zinakarın, yollar kəsənin,
Çardağı üstünə yatar bir zaman.