Bir zamanlar
Görünüş
Bir zamanlar Müəllif: Hüseyn Cavid |
Bir zamanlar sənin pənbə kölgəndə
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz məndə,
Yalnız gülümsərdi məhzun gözlərim.
Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,
İzlər yollarını yorğun gözlərim...
Sənsiz bütün duyğularım bunalmış,[1]
Zehnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, könlümü qəm almış,
Yalnız arar səni vurğun gözlərim.
____
- ↑ Sıqılmış, boğulmuş