Bircə səni də mineydim
Bircə səni də mineydim Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017. |
Qaçaqaç vaxtı kənddə hər kəs əlinə keçəni atın, eşşəyin belinə yükləyib yağı əlindən qaçmağa, canını qurtarmağa çalışırdı. Nəvə yaşı yüzü keçmiş nənəsini eşşəyin belinə bağladığı səbətin içində oturdur. Eşşəyin xotuğu da anasının yanınca gedirmiş. Nəvənin bütün fikri qaçaqaçda, yağıdan qurtarmaq hayında olur. Qabaqdakı dağın arxasına keçəndən sonra rahatlayan nəvənin yadına nənəsi düşür. Bir də görür ki, səbətin içində oturan nənə yırğalandıqca anasının yanınca yortan xotuğun başını tumarlayaraq deyir:
– Bircə səni də mineydim,
Bircə səni də mineydim...
Düşmən xofundan qurtaran nəvə nənəsinin bu sözlərinə ürəkdən qəhqəhə çəkib gülür.
O vaxtdan babaların, nənələrin dilində “bircə səni də mineydim” sözləri nəvələri əzizləmək üçün bir oxşamaya, nazlamaya çevrilib.