Biri "sin"
Görünüş
| Biri "sin" Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
İsmin üç hərifdi, ay çeşmi-xumar;
Biri "mim"di, biri "nun"du, biri – "sin".
Həsrətindən yüz min gizlin dərdim var,
Kimsəm yoxdu, açam deyəm birisin.
Saldın məni ataşa hey, nara hey,
Gözüm ağlar, dilim şəkər nara* hey.
Müştəriyəm, dost, qoynunda nara hey,
Bimürvət, satmırsan, alam birisin.
Siyah zülfün nə tökübsən yana sən?!
Ya hurisən, ya pərisən, ya nəsən?
Demədim ki, eşq oduna yanasan,
Mən dedim ki, dur qıraqdan bir isin.
Ələsgərin yaz sözlərin varağa,
Yuyar qəssal, bükər qəddin var ağa.
Bu səfərdə üç ehtiyat var, ağa:
Biri mizan, biri Sirat, biri sin.