Bitir, ey gül üzlüm, ömrüm, bitir intizari-eşqi

Vikimənbə saytından
Bitir, ey gül üzlüm, ömrüm, bitir intizari-eşqi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 20.

Bitir, ey gül üzlüm, ömrüm, bitir intizari-eşqi,
Saçır ətri-baği-cənnət, tuta laləzari-eşqi.

Mələyim, behiştə təndir qədəmin dəyən qədəmgah,
Qədəmi-mübarəkinlə bəzədin diyari-eşqi.

Ananın qədəmlərin öp, ey Əliyə yar olan kəs,
Tanıdan halal südündür sənə şəhriyari-eşqi.

Əgər ömr edərsə insaf, yetərəm vüsala bir də,
Yenə qəmli göz yaşımla yuyaram məzari-Eşqi.[1]

Nə görür gözün fənadır, nə var etibarsızdır,
Əsil etibarlılardan götür etibari-eşqi.

Ruxi-yari görsə bir kəs, nə behiştə talib olmaz,
Nə də versələr götürməz bir ömür bəhari-eşqi.

Səni harda görsəm, ey şah, öpərəm qədəmlərindən,
Böyüyər kiçilməyiylə Vüqarın vüqari-eşqi.

  1. İmam Əli(ə.s.) adlarından biri də Həzrət Eşqdir.