Məzmuna keç

Bivəfa yarə könül versə vəfadar əbəs

Vikimənbə saytından
Bivəfa yarə könül versə vəfadar əbəs
Müəllif: Abbasqulu ağa Bakıxanov


Bivəfa yarə könül versə vəfadar əbəs,
Əhdü peymanı yoxa verdiyim iqrar əbəs,

Dərdi-dildən səni çox eyləmək olmaz agah,
Qıldığım nalə, qələt, etdiyim izhar əbəs.

Gül kimi beş gün imiş söhbəti-əbnayi-zaman,
Eylədim ömrümü zaye, özümü xar əbəs,

Çeşmi-cadunigəhin məsti-meyi-xab ikən,
Ah kim, eylədim ol fitnəni bidar, əbəs.

Bulmasa feyzi-nəzər kəsbi-kəmal etməz hüsn,
Yari-aşiqdən əgər gizləsə rüxsar, əbəs.

Aşiqi-paknəzər vəslini hicranda sanır,
Eyləməz arzuyi-dövləti-didar əbəs.

Qönçəvü laləni gördüm, qəmə batdım, Qüdsi,
Eylədim meyli-tamaşagəhi-gülzar əbəs.