Məzmuna keç

Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə

Vikimənbə saytından
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Bəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə,
Dərdin artmış dəryadan, etməz əlac loğman sənə.
Yanğılısan ol qədər, kar eləməz ümman sənə,
Ah çəkib ağlagilən, gəlibdir bir mehman sənə.
Şirindən olsun əmin, vacibdir yüz qurban sənə,
Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?!

Dost olub bir düşmanın həmişə səni aldadır,
Kəsibdir cəllad yanın, taxmış kəməndi, qoldadır,
Cilovun tutmuş ərəb, meyli düzəlib yoldadır,
Dağlardan ağır yükün möhkəm sarışıb daldadır,
Zərrəcə yoxdur xeyir irişsə yüz karvan sənə,
Bixəbərsən, ey könül, sən, nə eyləmiş dövran sənə?!

Bir şəxsə ki, etdin nəzər, baxıb doymaz gözün sənin,
Yüz işvə, yüz naz elə, yaxan əldən qoymaz sənin,
Yüz nəsihət verəsən də, əsla sözün saymaz sənin,
Məluna meyl etməgin bir qəpiyə dəyməz sənin.
Çəkibən yay-oxunu istər ata peykan sənə,
Bixəbərsən, ey könül, sən, nə eyləmiş dövran sənə?!

İki bağın meyvəsini tənha dərib, bəkr etginən,
İki qonağın gələcək tədarükün fikr etginən,
Örtmə iki qapını sən, açıb qoyub şükr etginən,
İki yolun bağlayıb, daldasında zikr etginən,
İkini götür dilə, onlar edər dərman sənə,
Bixəbərsən, ey könül, sən, nə eyləmiş dövran sənə?!

Yazıqdır Molla Cuma, qayıt yola tez, ay könül,
Yüyrək atdan düşgünən, kəm niyyətin poz, ay könül,
Doxsan bir cəvahiri ipliyinə düz, ay könül,
Yüz on dörd qapıdasan, dad eləyib gəz, ay könül,
Bəlkə qıla bir mərhəmət ol yaradan Sübhan sənə.
Bixəbərsən, ey könül, sən, nə eyləmiş dövran sənə?!