Məzmuna keç

Biz ilə yevropalıların təfavütü

Vikimənbə saytından
Biz ilə yevropalıların təfavütü
Müəllif: Üzeyir Hacıbəyov
Mənbə: Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985. 653 s. səh.398-399


Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyәcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir….

Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.


* * *

İkinci təfavüt.

Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…. Şer:

Onlar əvvəl adam imişlər ki,

indi də quş olmaq istəyirlər,
Bəs biz əvvəl nə imişik ki,

indi adam olmaq istəyirik?


* * *

İndi keçək başqa məsələlərə.

Təkəbbür və lovğa adamdan hamının zəhləsi gedir, amma hamı da o cürə adamlardan çəkinir və həmişə onlara yol verməyə məcbur olur.

Hər halda, bu məsəl ki--ağac bar gətirdikcə başını aşağı tutar--hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər də aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar.

O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu "başıaşağılıqadan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı "ağaclar" bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun!