Bizim dağlar

Vikimənbə saytından
Necoldu
Müəllif: Aşıq Musa Süleymanoğlu
Aşıq Musa Süleyman oğlu (XIX əsr - 1920)
Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62.

Həsrətini çox çəkmişəm,
Bizim dağlar, bizim dağlar.
Gözüm yollara dikmişəm,
Bizim dağlar, bizim dağlar.

Obam, elim yerindəmi?
Sonam-gölüm yerindəmi?
Qələmqaşlım yerindəmi?
Bizim dağlar, bizim dağlar.

Bir taleyin qismətindən,
Bir ox dəydi düz sinəmdən.
Musa ayrı düşdü səndən,
Bizim dağlar, bizim dağlar.