Məzmuna keç

Bu, Vətəndir!

Vikimənbə saytından
Bu, Vətəndir! (22.09.2021)
Müəllif: Teymur Kərimli
Kim sorsa əgər Mailin ünvanını sizdən,

Ol şəxsə deyin: “Mailin ünvanı Vətəndir!”

Hacı Mail


Çör-çöpdən əgər bir yuva qursan, bu, Vətəndir!

Hər gün yuxudan keyf ilə dursan, bu, Vətəndir!


Şadlıqla çıxıb gəzsən əgər çöldə-bayırda,

Qəmgin birinin halını sorsan, bu, Vətəndir!


Hər bir kəsə sevgiylə, umudla baxa bilsən,

Görsən hamıdan sevgi umursan, bu, Vətəndir!


Keçsən daşının, torpağının hər qarışından,

Günlərlə gəzib yolları yorsan, bu, Vətəndir!


Getsən, qərib ellərdə darıxma, var əlacı –

Bir torba belə torpaq aparsan, bu, Vətəndir!


Sərhədlərə sığmaz Vətənin şöhrəti-şanı –

Harda Vətən övladı taparsan, bu, Vətəndir!


Mail kimi Teymur da Vətən boyda ürəkmiş,

Hər kimdən əgər ünvanı sorsan, bu, Vətəndir!