Bu dünya
Görünüş
Bu dünya Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Məleykə boyludur, şirin ləhcəli,
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi aldadar səni
Cavanlıq donunda qalan bu dünya.
Qananı eyləyib talesiz, baxtsız,
Əyibdi qəddini, qocaldıb vaxtsız,
Çoxlarmı qoyub eyvan-otaqsız,
Varlının dərdinə qalan bu dünya.
Qəmdən pay götürdüm, nalədən qismət,
Görmədim bir ləzzət, çəkdim əziyyət,
Canda eşq atəşi, dildə məhəbbət,
Bəstini odlara salan bu dünya.