Məzmuna keç

Bu dərdə

Vikimənbə saytından
%25 tamamlandı
Bu dərdə
Müəllif: Nəbi Miskin
Mənbə: Səməndər Məmmədov. "Şair Nəbi Miskin – 140: Mən Nəbiyəm, aşıqların zəriyəm". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09.

Eşqə düşən eşq əlində danışar,
Qətrə düşsə davam etməz bu dərdə.
Şair oldum həqiqətdən söz deyəm,
Səhih dilim ləkə tutmaz kədərdə.

Ab olmadım yer üzündən axam mən,
Seyraqubdan qurtarmadım yaxam mən.
İstədim ki, namərhəmə baxam mən,
Qəbahətdən qarşım aldı bu pərdə.

Qatarından ayrı gəzməz gözəllər,
Ox-kamanı sinəm üstə düzəllər.
Eyyub kimi yaralarım sızıldar,
Dərman yoxdu, şəfa bulam bu dərdə.

Nəbim deyər, nədən oldu yar ası,
Yaman olur yarın qəlbiqarası.
Könlümün sevdiyi, ömrüm çarası,
Sərin gizlər, gözüm qaldı bu dərdə.