Bu gün şiri-ədalət zülm zəncirin didən gündür

Vikimənbə saytından
Bu gün şiri-ədalət zülm zəncirin didən gündür
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 44

Bu gün şiri-ədalət zülm zəncirin didən gündür,
Əlinin qəlbi-pakın dağı-həsrət göynədən gündür,
Məlaik şivəni ərşin sütunun titrədən gündür,
Bu gün ruzi-şəhadətdir, Xanım Zəhra gedən gündür.

Bu gün bir ahu-fəryad ərşə yüksəldi ürəklərdən,
Saçın yoldu küləklər, qopdu bir şivən mələklərdən,
Nədən böylə sızıldarsız, sual etdim küləklərdən,
Xudanın izni ilə səda gəldi fələklərdən,
Bu gün ruzi-şəhadətdir, Xanım Zəhra gedən gündür.

Bu gün göz yaşı tökməkdən gözüm yaşsız qalan gündü,
Bu gün ol şahi-məzlum, yar yoldaşsız qalan gündü,
Bu günkü gün o gündür ki, üzük qaşsız qalan gündü,
Bu gün, ey şiələr, 11 imam başsız qalan gündü,
Bu gün ruzi-şəhadətdir, Xanım Zəhra gedən gündür.

O, Zəhradır, nə Saradır, nə Hacərdir, nə Məryəmdir,
o, banuyi-müqəddəsdir, o, xatuni-müəzzəmdir,
Bu, zənnimcə, kifayətdir, o, binti-fəxri-aləmdir,
Onun eşqiylə sızlar, cümlə aləm qərqi-matəmdir,
Bu gün ruzi-şəhadətdir, Xanım Zəhra gedən gündür.

Elə bil hər tərəfdən naleyi-əfğan yağır, ya Rəbb,
Səmadan parça-parça atəşi-hicran yağır, ya Rəbb,
Buludlar əşki-seylabın tökür, leysan yağır, ya Rəbb,
Bu gün əbri-müsibətdən yağış yox, qan yağır, ya Rəbb,
Bu gün ruzi-şəhadətdir, Xanım Zəhra gedən gündür.