Bu gündə
Bu gündə Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
Bu gündə, bilin, ərşü samavat qan ağlar,
Gav ilə səmək, külli-kainat qan ağlar.
Dostları – Əli daimül-övqat qan ağlar,
Bir ləhzə baxan Zeynəbi-nalana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
İndiki deyil, qalu bəladandı bu peyman,
İncimə, olum haşimi xallarına qurban!
İlqar eləyib haqq ilə ol şahi-şəhidan,
Əsğəri verib oxlara nişana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
Bir yanda gərək doğrana ol Əkbəri-novrəs,
Bir yanda Qasım toyu ola zülm ilə gör yas.
Bir yanda qələm oldu uzun qollari-Abbas,
Bir yanda gərək xeymələr odlana bu gündə.
Qan ağla, gözüm şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
Xeyməyə yanar eyvanı, otağı olanlar,
Əsirə yanar əsiri, dustağı olanlar.
Ey sinəsində qardaş, oğul dağı olanlar,
Gərək gələsiz şur ilə əfqana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
Zəhra baş açar, ərşdə Şəmsü Qəmər ağlar,
Mur ilə mələx, cinni-bəşər sərbəsər ağlar.
Şümrün sitəmindən qəza ağlar, qədər ağlar,
Taziyanə vurur Səkneyi-suzana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
İnsaf deyil dəhrdə bu zülm-sitəmlər,
Gör, nə növ ilə qarət olur xaneyi-Heydər.
Qırxa yaxın ol qara məcər nazlı hərəmlər
Suvar olacaq naqeyi-üryana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
Bu cövr-cəfaya, bilin, heç can dayanmaz,
Qəlbi daş ola, cismi gər ahan*, dayanmaz.
Leyla neyləsin, vallah, heç insan dayanmaz,
Nizədə gedən kəkili-əlvana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.
Mədəni-səxa dəstinə ol qanı tutubdu,
Atıb havaya, sorx olub, asmanı tutubdu.
Yazıq Ələsgər, üsyanın dünyanı tutubdu,
Bəstə düşərəm şafeyi-üsyana bu gündə.
Qan ağla, gözüm, şahi-şəhidana bu gündə,
Oğlunu verib ümmətə qurbana bu gündə.