Məzmuna keç

Bu gələn bir cüt gözəlin

Vikimənbə saytından
Bu gələn bir cüt gözəlin
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Bu gələn bir cüt gözəlin
Yolunda qoymuşam səri.
Biri əcəb səfalıdır,
Birisinin adı Pəri.

Biri dağların qarıdır,
Biri bağçalar barıdır.
Külli dünyanın varıdır,
Lərzəyə salıb sərsəri.

Valeh sevdi Zərnigarı,
Olar onun xidmətkarı.
Atsa üzündən qubarı,
Mat eylər şəmsü qəməri.