Bu gələn gözəl

Vikimənbə saytından
Bu gələn gözəl
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Qarsın yaylasında bir pəri gördüm,
Dilli dilavərdi, bu gələn gözəl.
Əhli - dil olmasın əvvəldən bildim,
Ərşdəki qəmərdi, bu gələn gözəl.

Bəşər tarixinə nəzər yetirdim,
Gözəl Züleyxanı dilə gətirdim.
Üz - üzə gələndə özüm itirdim,
Parlayan əsmərdi, bu gələn gözəl.

Şəffafdı mayası, qaynardı təbi,
Bir ay parçasıdı, yanağı - ləbi.
Heydərə can verdi təbibin həbi,
Bir ləlü gövhərdi, bu gələn gözəl.