Məzmuna keç

Bu həqiqətdir ki...

Vikimənbə saytından
Bu həqiqətdir ki...
Müəllif: Cəfər Cabbarlı

Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:
Sarsıdar əflakı birlik, ittifaqın qüvvəti.
İttihad ərbabinə aləm müti olmuş müdam,
Müttəhim bir millətin daim ucalmış şöhrəti.

Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar,
İttihadın qüvveyi-əzmi hər asan eyləməz.
Partlasın odlar, alovlar, ildırımlar, şölələr,
İttihadın odu qəlbi zərrə suzan eyləməz.

Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar,
Puç olar gər ittihadın tiği etsə ictihad.
Arkadaşlar, varlığın millət istərsə saxlasın,
Əlbəəl versin də, etsin ittihadi-ittihad.