Bu qız

Vikimənbə saytından
Bu qız
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Buraxsanız məni, çəkəcək dara,
Əl-aman əlindən bax bu qız, bu qız.
Qonumu, qonşunu gətirib zara,
Cümləsi deyərlər ax bu qız, bu qız.

Bilin, unudacaq o haqqı, sayı,
Yaxşını, yamanı, pisi, qolayı,
Götürüb əlinə bir çatma tayı,
Gör necə durubdu şax, bu qız, bu qız.

Məhəmmədəm, sizə eylərəm minnət,
Qoymaym qanımı tökə bu cəlləd1,
Çıxsanız aradan, versəniz möhlət,
Məni doğrayacaq bax bu qız, bu qız.