Bu qız məni

Vikimənbə saytından
Bu qız məni
Müəllif: Aşıq Hüseyn Şəmkirli
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Gedirdim, yoldan eylədi,
O qız məni, bu qız məni,
Ulusdan, eldən eylədi,
O qız məni, bu qız məni.

Dindirirəm, dinməz, küsər,
Dərdin sinəmdə sərbəsər,
Öpər, sinəsinə basar,
O qız məni, bu qız məni.

Hüseyni salma gözündən,
Bir maç içərəm üzündən,
Hərgiz eləməz özündən,
O qız məni, bu qız məni.