Bu qəzəl Məcnun dilindəndir
Görünüş
Bu qəzəl Məcnun dilindəndir Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Küfri-zülfün salalı raxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.
Səni görmək mütəəzzir görünür böylə ki, əşk
Sənə baxdıqda dolar dideyi-giryanimizə.
Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə,
Az edib cövrü cəfalar qılıban canimizə.
Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm alıb,
Hər gələn qəmli gedər, şad gəlib yanimizə.
Var hər həlqeyi-zəncirimizin bir ağzı,
Müttəsil verməyə ifşa qəmi-pünhanimizə.
Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,
Gəlmişiz əcz ilə dad etməyə sultanimizə.