Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi Müəllif: Mirzə Məhəmməd Tağı Qumri |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Bu sevdadən keç, ey qafil, dəxi ömri-cəvan keçdi.
Şəbab əyyami getdi, zövqi-sövdayi-cahan keçdi.
Qivami-ünsüriyyətdən qivayi-xəmsə süst oldu,
Yəqin abai-ülvi iltifatından əyan keçdi.
Yavuqlaşdı dəmi-rehlət, təravətdən düşüb qamət,
Olub əfsürdə bərgi-tari çün sərvi-rəvan keçdi.
Ağardı muyi-sər, qaldı ziyadən çeşmi-nurani,
Məqali-söhbəti-əhli-ləbi-şəkkərfişan keçdi.
Münadi qeybdən eylər nida, ey bixəbər, yatmış,
Oyan bir xabi-qəflətdən, yatıbsan çox, zaman keçdi.
Cərəs fəryad edər, qom-qom vurarlar kus peydərpey,
Qətari-köç yükləndi sərasər, karivan keçdi.
Sərayi-ariyətdə hər gələn beş gün qalır mehman,
Rəfiqü aşina getdi, təmamən həmzəban keçdi.
Rəcul səyyadi müstəhzər durubdur can sorağında,
O vaxt agah olursan kim, çıxıb əldən inan keçdi.
Dayanmaz masələf gəl ma-sə-yəti üstə fikr eylə,
Görürsən bir zaman əldən behişti-cavidan keçdi.
Gedər dünyayi-fani, axirət əmrində qıl çarə,
Keçənlər ya qəminü ya həzin, ya şadiman keçdi.
Gəlir bir gün deyər qədrin bilənlər heyf dünyadan,
Qoyub nəzmi-dürəfşan Qumriyi-şirinzəban keçdi.