Bulaqlar
Görünüş
Bulaqlar Müəllif: Aşıq Məhərrəm Alçalı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Mən bilirəm, zimistanın qəhrindən
Ağ niqab örtübsən üzə, bulaqlar!
Yaşılbaş sonalar tərk olub səndən,
Həsrətsən gəlinə, qıza, bulaqlar!
Cənnətül-məvadan olmusan təyyar,
Üstündə gəşt eylər cümlə ərənlər
Sənə bəxş eyləyib bir pərvərdigar,
Qüdrət yeygisindən təzə bulaqlar.
Üstündə çəm olar türfə gözəllər,
Ağ sürüynən ətrafını bəzəllər.
Mərd iyidlər ağır xonlar düzəllər,
Xanlar mehman gələr sizə, bulaqlar!
Qarlı dağlar alçaqlanmaz, ucalmaz,
Ləşgər çəkib xotkar ondan bac almaz.
Səndən içən hicran çəkib qoçalmaz,
Yetirsə də sinni yüzə, bulaqlar!
Məhərrəm arzular, gəlsin baharın,
Ərisin girmələr, tökülsün qarın,
Dad versin dahanda Abi-Kövsərin,
Olsun içənlərə məzə, bulaqlar!