Məzmuna keç

Bulud

Vikimənbə saytından
Bulud
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri vardı, biri yoxdı. Allahdan başqa heç kim yoxdı. Bir paçcah vardı. Gözünün biri bozarmışdı, adına “Kor paçcah” deyərdilər. Günnərin bir günü bütün münəccimləri yığdı, dedi:

– Bir rəm atın görüm, bu gözümün dərmanı nədi?

Münəccimlər rəm atdılar, dedilər:

– Qibleyi-aləm, sənin gözünün dərmanı filan dəryada bir qızıl balıqdadı.

Paçcah torçunu çağırdı, dedi:

– Filan dəryadan bir qızıl balıq gətirərsən.

Torçu tor atdı həmən dəryaya. Paçcahın da bir oğlu varıdı, adı İbrahim idi. İbrahim getdi, gördü torçunun toruna bir qızıl balıq düşüb.

Torçuya dedi:

– Bunu bırax, getsin, yazıxdı.

Torçu İbrahimın sözün çəvirmiyib buraxdı. Torçu qayıtdı gəldi evə. Gecə yatdı, səhər genə getdi, tor atdı, bir qızıl balıq düşdü tora. İbrahim genə gəldi, dedi:

– Əşi, burax, yazıxdı, torçu! Mən pulun verrəm.

Torçu dedi:

– Axı, atan buyurup ki, gərək bir qızıl balıq gətirəsən.

İbrahim dedi:

– Çox da atam deyib. Sənə mən nə deyirəm, ona bax.

Bu səfər də buraxdı, gəldi əvə. Səhər bir də toru götürdü getdi. Toru dəryaya atdı. Həmən qızıl balıq bu səfər də düşdü tora. İbrahim bu səfər genə birtəhər, zorrama balığı buraxdı. Səhər paçcah torçunu çağırtdı, dedi:

– Bəs mən saa bir balıq tut gətir demədimmi?

Torçu dedi:

– Paçcah sağ olsun, üç gündü gedirəm balığı tuturam, sənin oğlun İbrahim gəlir, zorrama bıraxdırır.

Səhər paçcah İbrahimi çağırdı, dedi:

– İndi ki mənim gözümün sağalmasına bayis olursan, itil bırdan. Get, hara gedirsən. Durma, gözümün qabağında!

İbrahim atın minib ağzın çevirdi bərri-biyabana. Az getdi, çox getdi, dərə-təpə düz getdi. Getdi çıxdı bir şəhərə. Gəldi gördü şəhərin qırağında bir koma var, atı sürdü bu komaya, çağırdı:

– Ay ev yiyəsi, ay ev yiyəsi.

Bir qarı çıxdı. İbrahim dedi:

– Qarı nənə, Allah qonağı istəmirsən?

Qarı dedi:

– Allaha da qurban olum, qonağına da. Bala, gəl içəri.

İbrahimiı apardı çaydan-çörəkdən verdi. İbrahim dedi:

– Qarı nənə, nəyin var?

Qarı dedi:

– Bala, heç bir şeyim yoxdu. Elə təkəm.

İbrahim dedi:

– Qarı nənə, elə mən saa olum oğul, sən də ol maa nənə, bırda dolanax.

Qarı dedi:

– Çox yaxşı olar, nolar.

İbrahim bir səhər atın çıxartdı bazara, satdı, pul elədi. Birəz ətdən, yağdan, düyüdən gətirdi evə, qarı da bişirdi, yedilər. Gündə İbrahim bu qaydeynən ayınnan-oyunnan alıb gətirirdi, burda dolanırdılar. Bir gün İbrahim gördü şəhərdə bir sandıx satıllar. Amma deyirlər, alan da peşmandı, satan da! Qiyməti də yüz tüməndi. Hər kəs də deyir ki, ağzın aç görək, içində nə var? Deyirlər: “Xeyr, xeyr! Ağzın aça bilmərəm. Elə-belə satacağam”.

İbrahim yüz tümən verdi, bu sandığı aldı gətirdi evə. Haçarın saldı, sandığı açdı, gördü paho... sandığın içində bir oğlan var ki, heç tayıbərabəri yoxdu. Oğlan o saat ayağa qalxdı, dedi:

– İbrahim, nətərsən, necəsən? Kef-əhval?

İbrahim öz-özünə dedi ki, bu mənim adımı nə bilir? Oğlana dedi:

– Məni hardan tanıyırsan?

Oğlan dedi:

– Tanıyıram.

İbrahim dedi:

– Sənin adın nədi?

Oğlan dedi:

– Mənim adım Buluddu.

İbrahim çıxartdı altı şahı verdi, dedi:

– Bulud, get, buna düyü al gətir.

Bulud gəldi baqqalın dükanına. Dedi:

– Ağam deyir, bu altı şahıya yarım put düyü versin.

Baqqal dedi:

– Altı şahıya düyü verəllərmi?

Bulud baqqala bir şapalax vurdu. Baqqal yıxılıb ürəyi getdi. Bulud düyünü kisəsinən götürdü gəldi evə.

İbrahim bu əhvalatdan çox qorxdu, dedi:

– Bu mənim başıma çox qəza gətirəcək.

Çıxartdı üç şahı da verdi ki, get buna da yağ al, gətir. Bulud gəldi baqqalın yanına, dedi:

– Ağam deyir, bu üç şahıya iki girvənkə yağ versin.

Baqqal dedi:

– Ədə, səfeh oğlu, səfeh. Ona iki girvənkə yağ verəllərmi? Bulud bir şapalax vurdu, bunun da o biri baqqal kimi ürəyi getdi. Bəli, beş girvənkə yağ götürdü, “ya Əli, mədət” deyib gətirdi, üç şahını da verdi İbrahima. Dedi:

– Ağa! Deyir, qəlpdi.

İbrahim öz-özünə dedi:

– Allah, saa pənah! Görən bu mənim başıma, nə oyun gətirəcək.

Dedi:

– Bulud, get bu üç şahını ver, arpa al gətir, atın arpası yoxdu.

Bulud gəldi arpa satana dedi:

– Ala bı üç şahını, bir put arpa ver.

Dükançı dedi:

– Bala, üç şahıya bir put da arpa verəllərmi?

Bulud dedi:

– Niyə verməzlər?

Kişiyə bir şapalax vurdu, dedi:

– Belə verəllərmi?

Arpadan bir put götürdü. “Ya Əli, mədət!” gətirdi genə üç şahını verdi İbrahim dedi:

– Ağa deyillər ki, pul qəlpdi, götürmədi.

Bulud bu şəhərə bir vəlvələ saldı. Hara göndərirdilər belə yığıb gətirirdi.

Bir gün Bulud gəldi bir dəmirçinin yanına, dedi:

– Usta, maa bir gürz çəkərsən, dörd ərşin uzunnuğu, dörd put da ağırrığı.

Usta dedi:

– Zalım oğlu, zalım! Onu kürəyə sığışdırmaxmı olar?

Bulud dedi:

– Saa nə deyirəm, onu elə. Yoxsa vırram əngin çıxar, ala bu da pulun.

Pulu verdi. Dəmirçi qorxudan dedi:

– Yaxşı, hazırraram.

Bəli dəmiri vara vurd elədi, dedi:

– Bir belə çıxarı çıxacax. Yerdə də bir belə qalacax.

Qoydu kürüyə. Körüyü basdı, bu dəmir qurquşum kimi əridi. Bir gürzü qayırdı.

Səhər Bulud gəldi dedi:

– Usta, hazırdımı?

Usta dedi:

– Bəli, hazırdı.

Bulud gürzü aldı çiyninə, getdi evə. İbrahim gördü Bulud bir gürz gətirir ki, heç olmuyan kimi, dedi:

– Vay mənim halıma.

Axşam olanda Bulud dedi:

– Ağa, dur bəri gəl.

İbrahim qorxusunnan durdu düşdü Buludun yanına. Bulud İbrahimı gətirdi bir imaratın qabağına, dedi:

– Ağa, görürsən, bu imaratı? Bı imarət paçcahın qızının imarətidi, o qızın adına “Üç Çərək xanım” deyəllər.

Qapını açdı, dedi:

– Gedərsən. Qız yatıb, onun bir üzünnən öpərsən, ta dəyməzsən, qayıdıp gələrsən. Vallah saa bir gürz vırram ki, nətər.

İbrahim qorxusunnan getdi. Gördü bir göyçək qızdı yatıp. Bir üzünnən öpdü qayıtdı.

Səhər açıldı. Qız durdu, geyindi, əlin yudu, üzün yudu, bədənnənmə güzgüyə baxdı. Gördü, üzünün bir tərəfinə ləkə düşüb. Qız ta heç kimə bildirmədi.

Axşam oldu genə Bulud dedi:

– Ağa, di dur, gedək.

İbrahim durdu gəldilər həmən imarata.

Bulud dedi:

– Gedirsən indi də o biri tərəfinnən öpərsən, gələrsən, ta əlini başqa şeyə vurmazsan. And olsun, əlini bir şeyə vursan, saa bir gürz çəkəciyəm, bala pişik kimi fırranacaxsan.

İbrahim qorxusunnan girdi o biri üzünnən öpdü, çıxdı. Gəldilər yatdılar.

Səhər açıldı, qız genə həməşəki qaydeynan durdu. Bədənnəmə güzgüyə baxdı, gördü indi də o biri tərəfinə ləkə düşüp.

Dedi:

– Yaxşı, bu gecə taparam, bu kimdi.

Gecə genə Buludnan İbrahim gəldilər. İbrahima Bulud dedi:

– Gedərsən, qızın sual-cavabı nədi, maa deyərsən.

İbrahim girdi içəri, qız gördü bu bir oğlandı, gözəllikdə misli yoxdu, min könüldən İbrahima aşıq oldu.

Qız o saat qalxdı ayağa, dedi:

– Ey oğlan, nəçisən, kimsən?

Oğlan dedi:

– Mən kor paçcahın oğluyam, adıma da İbrahim, deyəllər.

Qız dedi:

– İbrahim, məni apara bilərsənmi?

İbrahim dedi:

– Qız bir havır dayan.

Çıxdı çölə Buluda dedi:

– Xanım deyir, “məni apara bilərsənmi?”

Bulud dedi:

– Get, denən aparram.

İbrahim gəldi qıza dedi:

– Aparram.

Qız çıxdı çölə. Bulud dedi:

– Qız iki at yəhərrərsən birin İbrahima, birin də özünə. Qız iki yaxşı at hazırradı. Birin İbrahim, birin də qız mindi. Bulud da bunların yanında, hər üçü düşdülər yola. Hava işıqlanınca at sürdülər. Gün çıxanda paçcaha xəbər getdi ki, bu gecə qızını aparıblar. Paçcah hökm elədi, qoşun atdandı bunların dalısınca. Bir vədə İbrahim gördü, budu qoşun qarışqa kimidi götürüb dünyanı. Qoşunu görəndə Bulud dedi:

– İbrahim, siz yavaş-yavaş gedin. Mən qayıdım qoşunun qabağına, görüm nə istəyirlər?

İbrahim dedi:

– Qız, gəl, qaçax! Buludu öldürəcəklər gəlip səni də mənim əlimnən alacaqlar.

Bunlar qaçmaqda olsun, Bulud da qoşunun qabağına getməkdə. Bir paçcah vəziriynən ova çıxmışdı. Gördülər budu bir oğlannan bir qız qaçır. Tez atlı göndərdi, bunları tutdular. İbrahimi saldılar bir quyunun təkinə. Qızı da apardı öz qızının yanına qoydu. Bulud gəldi, qoşuna yavıxlaşanda yerə bir gürz vurdu ki, o saat bir dərya açıldı, qoşun keçə bilmədi.

Bulud gəldi gördü, nə qız var, nə də İbrahim. Amma gördü bir şəhər görünür. Gəldi şəhərin kənarına, gördü bir dəstə uşaq aşıx-aşıx oynuyur. Bir keçəl də durup baxır. Dedi:

– Keçəl, sən niyə oynamırsan?

Keçəl dedi:

– Mən cığalam deyin, məni qoymurlar oynuyam.

Bulud dedi:

– Onda, ala bu pulu, bura bir oğlannan bir qız tutup gətiriplər, onun yerin tapıb, maa deyəsən.

Keçəl dedi:

– Ver papağını götürüm qaçım, hankı imarata vursam, bil ki, qız o imaratdadı. Harda da tullandım-düşdüm, bil ki, oğlan o quyudadı. Keçəl Buludun papağın götürdü qaçdı. Bulud da bunun dalınca.

– Vay keçəl, siz qəribə belə hörmət elərsiniz? – deyə düşdü yola.

Həmən qızın imaratı da paçcahın imaratına bitişiyidi. Keçəl gətirdi papağı vurdu həmən imarata qayıtdı. Bir yerdə də tullandı göyə, düşdü yerə. Bulud gəldi papağı götürdü. Gəldi həmən yerə, gördü bir quyudu ağzına bir daş döndəriblər. Daşı qavzadı, dedi:

– İbrahim!

İbrahim quyudan dedi, can!

Bulud dedi:

– Bəs mən saa demədim yavaş sür, mən də gəlirəm.

Tez kəməndi belinnən aşdı, salladı quyuya, İbrahimi çıxartdı. Paçcaha qaravılçılar xəbər apardı ki, şəhərə bir pəhlivan gəlib, həmən oğlanı da çıxartdı. Şəhəri bu saat alt-üst eliyəcək.

Bulud İbrahimi da götürdü, gəldi paçcahın yanına. Paçcah baxdı gördü, bu doğrudan da bir pəhlivandı. Əgər dinsə, şəhəri alt-üst edib viran qoyacaq. Dedi:

– Vəzir, tədbir!

Vəzir dedi:

– Tədbir odur ki, qızını verəsən ona, qohum olasan.

Paçcah Buluddan soruşdu:

– Adın nədi?

Dedi:

– Adım Buluddu.

Paçcah dedi:

– Bulud, bir qızım var, onu alarsanmı?

Bulud dedi:

– Xeyr, maa lazım döyül, ağama ver!

Paçcah soruşdu ki:

– Qalacaqsınız, gedəcəksiniz?

Bulud dedi:

– Xeyr, gedəciyik.

Paçcah bir at da öz qızına hazırratdı, iki at da İbrahimgilin özünündü. Bullar yola düşdülər. Bulud, İbrahim, Üç Çərək xanım, bir də paçcahın qızı gəldilər o qədər ki, gördülər iki dev gəlir.

Bulud dedi:

– İbrahim, siz yavaş-yavaş gedin, mən də qayıdım görüm devlər nə deyir.

İbrahim qızlara dedi:

– Gəlin qaçax. Bı saat dev Buludu öldürəcək, gəlip sizi də mənnən alacax.

Bulud gəldi devlərin birin gün batana qovdu, birin də gün çıxana. Bir paçcah avdan qayıdırdı, gördü bir oğlandı, iki də qız qaçırlar. Bunları tutdu, gətirdi qızları saldı öz qızının yanına, İbrahimi də saldı bir quyuya.

Bulud gəldi gördü nə qızlar var, nə də İbrahim. Yavaş-yavaş gəldi bir cütçüyə urcah çıxdı, gördü bu cütçünün özü də qaradı, öküzü də, xışı da.

Dedi:

– Allah, qüvvət versin.

Cütçü dedi:

– Xoş gəldin.

Bulud dedi:

– Ay cütçü, elə deyək, öküz qaradı, bəs özün niyə qara geyinmisən, xışın niyə qaradı?

Cütçü dedi:

– Bizim paçcahımız üç qəribi tutub gətirib, ona görə qara geyinmişik, biz qəribə çox hörmət elərik.

Bulud dedi:

– Onların yerin bilirsənmi?

Cütçü dedi:

– Paçcahın öz imaratına bitişik bir imarat var, qızının imaratıdı, qızlar ordadı. Oğlanı da salıb bir quyuya. Get şəhərə, hansı adamnan, uşaxdan soruşsan, o quyunu görkəzəllər saa...

Bulud gəldi yavaş-yavaş şəhərə. Gördü bu şəhərin adamları qara geyinib. Soruşdu niyə qara geyinmisiniz. Dedilər:

– Paçcah üç qərib gətirib dustaq eliyib, ona görə qara geymişik.

Bulud dedi:

– Onlar hardadı?

Görkəzdilər ki, o imaratdadı qızlar, oğlan da o quyudadı. Bulud gəldi quyunun başına, daşı qavzadı çağırdı:

– İbrahim!

İbrahim quyudan dedi:

– Can!

Bulud dedi:

– Axmaq oğlu, axmaq, bəs mən saa deməmişdim yavaş sür gəlirəm.

Belindən kəməndi açdı, İbrahimi quyudan çıxartdı. Qaravullar bunun zərbi-şəşdin görüp heç biri dinə bilmədi. Paçcaha xəbər apardılar ki, bir belə oğlan gəlib. Həmən oğlanı da çıxartdı. Budu gəlir sənin qulluğuna. Dedi:

– Vəzir, tədbir!

Bulud İbrahimi da götürdü gəldi paçcahın yanına. Qapını açdı, içəri girəndə paçcah baxdı gördü buna qoşun da cavab verə bilməz.

Vəzir dedi:

– Qibleyi-aləm, belə adamnan qohum olmaqdan başqa əlac yoxdu. Ayrı heç bir şeynən bunun öhdəsinnən gələ bilmək olmaz.

Paçcah dedi:

– Nolar, yaxşı olar.

Paçcah qorxusunnan yer görkəzdi. Bulud oturdu.

Dedi:

– Adınız nədir?

Dedi:

– Mənim adım Buluddu, ağamın adı da İbrahimdi.

Paçcah dedi:

– Bulud, mənim bir qızım var, onu alasanmı?

Bulud dedi:

– Xeyr, maa lazım deyil, ağama ver!

Molla gətirdilər, qızın kəbinin kəsdirdi İbrahima. Sual elədi ki, qalacaxsınız, gedəcəksiniz?

İbrahim dedi:

– Xeyr, mən gedəcəyəm öz vilətimizə, mən kor paçcahın oğluyam. Paçcah bunların hərəsinə bir at verdi, yola saldı. Bulud, İbrahim, Üç Çərək Xanım, iki də paçcah qızları, o qədər gəldilər ki, İbrahimin atasının vilayəti görükdü.

Bulud dedi:

– İbrahim, atan səni öldürəcək, mən də burdan gedəcəyəm.

İbrahim dedi:

– Niyə?

Dedi:

– Mən o balığam ki, üç dəfə məni buraxdırdın. O yaxşılıqların əvəzidi ki, bir belə elədim saa... Atan xörəyə zəhər qatıb, saa verəcək. Sən bir ovuc götür at ya bir itə, ya pişiyə. Gördün ki, yedi öldü, onda dur atanı öldür, yerində paçcahlıx elə.

Xudahafiz, eliyip düşdü yola. Dərya da yaxın idi. İbrahim baxdı gördü Bulud balıq donun geyib atıldı dəryaya.

Bunlar da getdilər, şəhərə daxil oldular. Paçcaha muşduluqçu getdi ki, İbrahim gəlir, üç də qız gətirir. Paçcah muşduluqçunun muşduluğun verdi. Amma öz ürəyində dedi ki, sən ki mənim gözümə heylə, qoymadın əlac ola, səni öldürəcəyəm. İbrahimə xörək tədarükü gördürdü. İçinə də bihuşdarı daxil elədi, qoydu İbrahimin qabağına. İbrahim xörəkdən bir ovuc götürdü atdı bir tula vardı onun qabağına. Tula yeyən kimi öldü. O saat İbrahim gürzü qalxızıp elə vurdu ki, paçcahın canı cəhənnəmə vasıl oldu. İbrahim başdadı atasının yerində paçcahlıx elədi.

O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.