Bulunca
| Bulunca Müəllif: Şah İsmayıl Xətai |
| Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.332-333. |
Gəl öyüd verəyim, öyüd alırsan,
Xidmət eylə genə gülü bulunca.
Karvan gedər, sağın, geri qalırsan,
Haman əldən qoyma yolu bulunca.
Öldürsə də, çıxmaz yoldan yol əri,
Gerçəklərin əlindədir yuləri,
Göründü, seyr eylə axan suları,
Qarışır ümmana seli bulunca.
Arı oldun, hər çiçəkdən alırsan,
Balın damızlığın qanda bulursan,
Yetmiş min ayətə dəlil olursan,
Anlayıb da bu dəlili bulunca.
Dinləyib də bu mə’nayi yazmalı,
Hər kişi halınca quyu qazmalı,
Yeddi padşahlıq yeri gəzməli,
Halına münasib yeri bulunca.
Sil-süpür qəlbini, süddən bəyaz et,
Öldür nəfisini, şeytandan arıt,
Doxsan doqquz yerə çıxdı Bayəzid,
Halına münasib yeri bulunca.
Şah Xətayim aydur: – Baxma bu halə,
Könlümüzdə vardır bir ulu qala,
Əlif gələ, ayin gələ, mim gələ,
Dərdli qullar dərmanını bulunca.