Bura say

Vikimənbə saytından
Bura say
Müəllif: Mirzə Ələkbər Sabir
Cəmaət:

Zilli-Sultan, bura say döydürüb aldıqlarını!
Söyüb aldıqlarını, söydürüb aldıqlarını!

Zilli-Sultan:

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

Sən ki, Avropadaydın, niyə yorta-yüyürə
Cumdun İrana, bu viranədə düşdün də girə?
Saldın axır öz əlinlə özünü ağzıbirə,
Vec bitirməz sənə, dönmə dəxi daşa, dəmirə,
Boş danışma, bura say qapdırıb aldıqlarını!
Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!

Zilli-Sultan:

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

Birbəbir yadına sal cümlə unutduqlarını,
Millətin qanın alıb, şüşəyə tutduqlarını,
Qış üçün axtalayıb yayda qurutduqlarını,
Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!
Boş danışma, bura say öldürüb aldıqlarını!
Bölüb aldıqlarını, böldürüb aldıqlarını!

Zilli-Sultan:

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

Əlli il ölkədə vurmuşdun, a zalım işini,
Sən ki hazır eləmişdin çiyini, bişmişini,
Təməin indi nədir ya qıcıdırsan dişini,
Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!
Boş danışma, bura say satdırıb aldıqlarını!
Atıb aldıqlarını, atdırıb aldıqlarını!

Zilli-Sultan:

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!

Cəmaət:

Əhli-İranı uşaqdır deyə saldız beşiyə,
Ki, məbada ayılıb ağlıya, durduz keşiyə,
Taki açdı gözün iranlı, soxulduz deşiyə,
İş çətinləşdi, indi, yığdığını çək eşiyə!
Boş danışma, bura say asdırıb aldıqlarını!
Basıb aldıqlarını, basdırıb aldıqlarını!

Zilli-Sultan:

Tövbə, əttövbə, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!


  • Qeyd 1: İlk dəfə "Molla Nəsrəddin" jurnalında (23 avqust 1909, N34) "Məstəli şah Gərguci" imzası ilə çap olunmuşdur. Bu şer Ağa Məsih Şirvaninin "Tövbənamə" adlı tərcibəndinə bənzətmədir. Tərcibənd belə başlanır:

“Sənə zahirdir, əya, heyyü xəbirü dana,
Olsa hər mazivü müstəəbəlü məxfi peyda,
Qul şəhindən eliyən cürmü yaşurmaq nə rəva,
Əhv qıl, eyləmişəm çox qələtü səhvü xəta!
Tövbə, ya Rəbb, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!”...

  • Qeyd 2: Zilli-Sultan – Məhəmmədəli şahın atası Müzəffərəddin şahın qardaşı idi. İranda Məşrutə vaxtı o, Avropaya getmişdi. İrana qayıtmaq istərkən camaat onu Rəştdə tutub saxlamış, İrandan çıxmasını, əmlakının müsadirə edilməsini tələb etmişdi. Həmin hadisəyə işarə olunur.