Məzmuna keç

Buradan səni

Vikimənbə saytından
Buradan səni
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başma döndüyüm, ay qəşəng Əsmər,
İstəməm gedəsən buradan səni.
Mənim meylim elə sənlə xoş olub,
Nə xoş xəlq eləyib yaradan səni.

Gəlmə xoyrat, gəlmə, yolda qalasan,
Seyrağıb əlində zəlil olasan,
İki dostu bir-birindən eyləsən,
Görüm haqq götürsün aradan səni.

Gözəllər içində bəsli bəllisən,
Tərlan cilvəlisən, yüz xəyallısan,
Ağ sinəsi bir cüt qoşa xallısan,
Görcəyin tanıdım oradan səni.

Gözəllikdə sənin əvəzin hanı?
Hüsnünü bəxş edib kərəmin kanı,
Dağların maralı, çəmən ceyranı,
Ovçular keçirməz bərədən səni.

Aləm bilir, Adəm ata zatıyam,
Göyü bilməm, yerin yeddi qatıyam,
Şikəstə Abbasam, xərabatıyam,
Könül, heç görmədim abadan səni.