Məzmuna keç

Buzlu cəhənnəm

Vikimənbə saytından
Buzlu cəhənnəm
Müəllif: Əmin Abid Gültəkin
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ruslar tərəfindən Sibiriyaya sürülən azəri qardaşlarıma
Sibiriya, ey soyuq və qorxunc dəniz,
Şimalın köksündə uyuma səssiz,
Qalx bir müsafır gəldi, diqqət et:
Sənə hədiyyələr gətirdi - vəhşət...
Elinin buzunu eşqlə ərit,
Çıx, acıyan qəlb ilə qucağını aç,
hədiyyən: bir dəmət saralmış igit,
Hamsı bitkin, hamsı xəstə, hamsı ac!
Ey siz, ey ölümün qorxunc yolunda
Dəmir addımlarla yürüyən gənclər!
Siz ey bir taleyin gizli qolunda
Yürürkən quzeydə çürüyən gənclər.
Uzadınız mənə siz əlinizi,
Təbrik edirəm mən, igidlər sizi!
Baş əymədiniz siz haq yeyənlərə,
Dediniz yaşamaz Azəri haqsız.
Sizi kəsmək üçün enən xəncərə
“Hürriyyət istəriz” deyə yazdınız.
Səlamat yoludur getdiyiniz yol.
Günəşlər doğacaq izlərinizdə.
Yalnız deyilsiniz, yoldaşınız bol,
Bir limanlı millət var yerinizdə
Düşmən saldırsa da dörd qoldan sizə
Qorxmayın: “qurtuluş pək muhal” - deyə,
Biz də gəliyoruz o yoldan sizə,
İstiqlal... istiqlal... istiqlal, deyə!
Düşün ki, hamsını düşmən soldurmuş...
Hicran qəlblərinə bir damğa vurmuş...
Onları yollamış bədbəxt bir diyar:
Qəlblərində kədər, gözlərində nəm,
Onları incitmə, yetimlər onlar,
Ey soyuqla yaxan buzlu cəhənnəm!
Söylə tapındığın məbudun qışa:
Qucağında çılpaq uyuyanlar var;
Acısın məhv olan bu yaşayışa
Dinsin qasırğalar, həp fırtınalar.
Soyuğun altında bir yumaq kimi,
Gömüldüyü qara,
Ruzigarların ilıq bir qucaq kimi, açılsın onlara.
Uf... bu boğucuq qaranlıq
Nerdən endi gözəl yerə?
Tıxandı hər nəfəs artıq
Sanki boğuluyor kürə...
Bulanlıq bir kökün kirli yaxası
Yerdə sürünüyor, iştə: tundra...
Sibirya, Sibirya... əvət Sibirya;
Təbietin o bir zalım ÇEKA-sı
Anne!
Yenə nələr düşündün ki, doldu gözlərin?
Rahatsızmı yoxsa sənin də yerin?
Yoxsa oğlunumu sən xatırladın?
Yox... onu düşünmə, indi övladın
Buzlu üfuqlərin qucağındadır;
Əmdikcə soyuğu “daha ver” deyir.
Qəlbindəki alov, bax, nələr deyir.
Sil göz yaşlarını, dur, bəklə onu
Her donduran qışın bahardır sonu.