Məzmuna keç

Cüyür (Şair Nəbi Borçalı)

Vikimənbə saytından
Cüyür
Müəllif: Nəbi Miskin
Müxəmməs
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013

Qoşun çəkib ovlağına, almışam meydanı cüyür,
Hər yandan hasar eyləyib quraram divanı cüyür.
Sarf qayalar, sıx meşələr, gəzər biyabanı cüyür.
Səhər-səhər göy talalar, məsgəni, məkanı cüyür,
Səni sakin eyləyib, dağların gərdanı cüyür.

Mən istədim səni görəm, qayalar kəsdi aramı,
Baxarsan bir şey görünməz, meşələr olub haramı.
Bir gözəl saldı çöllərə, biçarə yazıq Kərəmi.
İtirməyin sözlərimi, dəftərə yazın qaramı.
Yaradan töhfə yaradıb, ovçulara səni, cüyür.

Ahular dalda gəzər, görünməzlər bir insana,
Elə ki gördü halım, qaçarlar mərdi-mərdana.
Kamandar çağırır Allahı, tüfəngin alır nişana.
Dəyəndə acal gülləsi, boyanırsan sən al qana.
Şair Nəbi böylə görüb, maralı, ceyranı, cüyür.