Cıqqıldayan qurbağa
Nağıllar. Cıqqıldayan qurbağa Müəllif: Şifahi xalq ədəbiyyatı |
O vaxtlar elə bir xoş dövran idi ki, gəl görəsən.
Vur çatlasın idi: donuzlar elə donuzdular. İtlər əhəng yeyirdi.
Meymunlar tənbəki sümürürdü. Evlərin damını xəmirlə örtürdülər.
Küçələrə pudinq döşəmişdilər. Qızardılmış donuz balaları
bellərində çəngəl-bıçaq küçələrdə vurnuxub “Gəlin, gəlin bizi
yeyin!” deyə aləmə səs salırdılar. Səyyahlar üçün əsl kef çəkməli
əyyam idi.
Bəli, Derlastona iş dalınca gəlmiş bir səyyah evə qayıtmaq
üçün poçt karetasını gözləməli oldu. Vaxtı itirməyib şəhər kənarını
gəzmək qərarına gəldi. Hadisə yayın axırlarında çox sakit,
amma bürkülü bir axşam tərəfi baş vermişdi. Biçin başlanmış,
arpa biçilib qurtarmışdı. Kəkliklər sarı küləş üstündə qalan təktük
buğdaları dənləyirdilər. Artıq torağayların, qaratoyuqların
cəh-cəhi eşidilməz olmuşdu. Təkcə qarağacların başında gizlənmiş
ağacdələnlərin arabir cikkiltisi eşidilirdi.
Ömrünün çoxunu şəhərdə keçirmiş səyyahı çəmənlər ahənrüba
kimi özünə cəlb etdi. Odur ki, çəpərdən aşıb çəmənlikdə
var-gəl etməyə başladı. Burda qoca kəndlidən başqa heç kəsi
görmədi. Onu salamladı:
– Deyəsən, bu yerlərə bolluca yağış yağıb hə!
– Məsələ burasındadır ki, – qoca cavab verdi, – şənbə günü
yağan yağış ətrafı sakitləşdirib.
Körpə doqquzdon kollarının ətrini ciyərlərinə çəkib otlar arasında
giləmeyvə axtara-axtara səyyah yoluna davam etdi. Hərəkət
etdikcə ağır paltarlarının içində özünü narahat hiss etdi. Gödəkcəsini
çıxardıb qolunun üstünə atdı. Çəpərlərin dibi ilə gedə-gedə
giləmeyvə yığmaq üçün arabir aşağı əyilirdi. Bu ara saatı gödəkcənin
cibindən sürüşüb iki kəsəyin arasına düşdü. Yalnız bir saatdan
sonra karetada əyləşib evə gedəndə saatı itirdiyini bildi. Saat elə
düşdüyü yerdəcə qalmışdı. Yan-yörəsində otlar arasında məskən
salmış cırcıramalar, qarışqalar və parabüzənlər üçün tıqqıldayırdı.
Saata söz ola bilməzdi. Onun iri ağ sferblatı, zərif əqrəbləri,
aydın və cingiltili tıqqıltısı vardı. Axşam düşüb hava soyuyanda,
quş səsləri kəsiləndə tıqqıltı daha aydın eşidilməyə başladı. Sanki
saat canlı idi, tapılıb kəsəklər arasındakı məhbəsdən xilas
edilməsini xahiş edirdi.
İlk ulduzlar səmada sayrışmağa başlayanda saatın ağappaq
sferblatı bərq vururdu. Uzaqlardakı göbələklər, bir də yalnız gecələr
açılan nadir çiçəklər kimi işıq saçırdı.
Bunlar öz yerində. Amma qaranlıq tamam qovuşmayınca o yerə
heç kəsin güzarı düşmədi. Derlaston kilsəsinin axşam zəngləri
aləmə car çəkdi. Qərb tərəfdə qaranlıq səmada açıq – yaşıl rəngli
zəif işıq zolağı göründü. Elə bu vaxtlar qurduqları tələni yoxlamaq
üçün çəmənliyə iki nəfər adam gəldi. Çəmənliyə çatıb qorxa-qorxa
ətrafı gözdən keçirtdi, onlar brakonyerlər idi. Məlumdur ki,
brakonyerlərin iş günü gecədən xeyli keçmiş başlayır. Onlar qulaqlarını
şəkləyib hər yad səsə qulaq asırdılar. Odur ki, saatın düşdüyü
yerə yaxınlaşan kimi ayaq saxlayıb ətrafı dinlədilər.
– Ey, Bill, – əvvəlinci brakonyer pıçıldadı, – burda nəsə bir
iş var. Sakitcə dayan və qulaq as.
– Əşşi, cırcıramadır da, – Bill cavab verdi.
– Cırcıramadır? Oxşamır axı. Mən ömrümdə cırcıramanın
fasiləsiz dızıldamasını eşitməmişəm. Bir qulaq as! Heç səsini
kəsmir ey!
– Demək, onda cırcırama deyil. Bəlkə, hansısa bir quşdur?
– Əgər sən deyəndirsə, yəqin tilsimlənmiş quşdur, – Tom
dedi və həmin anda əsməyə başlayan meh tıqqıltı səsini onlara
tərəf gətirdi. Tıqqıltı lap aydın eşidilirdi.
– Gəl onu axtaraq, – Bill dilləndi. Onlar ehtiyatla səs gələn
yerə doğru irəliləyə-irəliləyə otların arasına baxmağa başladılar.
– Odur ey! Bax, gör bir necə parıldayır! Onun bir dənə iri
gözü var, görürsən?
– Görməyinə görürəm, amma onun görkəmi heç xoşuma
gəlmir.
– Heç mənim də. Bir bax, o, üstümüzə atılmağa hazırlaşır.
Allaha and olsun, yaman xatakar şeyə oxşayır. Nə qədər ki, o,
boğazımızdan yapışıb qanımızı sormağa başlamayıb, cəld ol aradan
çıxaq, yoxsa gec olar ha!
Dostunu dilə tutmağa ehtiyac yox idi. Onların hər ikisi dabanlarına
tüpürüb götürüldülər. Kəsəklər arasına düşmüş tıqqıldayan
müəmmalı varlıqdan uzaqlaşana qədər bir nəfəsə qaçdılar.
Kürklərinə birə salmış qəribə səslərdən onlar evdə söhbət açdılar.
Otlar arasındakı müəmmalı varlıq haqqında xəbər səhərəcən
Derlaston camaatının arasında yayıldı. İrili-xırdalı bütün Derlaston
əhli toplaşıb qəribə varlığa böyük maraqla tamaşa etdilər. Amma
nə bir kişi, nə də bir qadın onun nə olduğunu deyə bilmədi. Bu bir
acı həqiqət idi ki, derlastonlulara indiyəcən saat gərək olmamışdı.
Nəhayət, bu məsələni aydınlaşdırmaq üçün bütün ömrünü bu
yerlərdə keçirmiş pirani qoca, müdrik ağsaqqala müraciət etməyi
qərara aldılar. Nə başınızı ağrıdım, müdrik Atanın (şəhərdə onu
belə çağırırdılar) yanına nümayəndələr göndərildi. Tezliklə məlum
oldu ki, müdrik Ata ləngimədən məsələni həll etmək üçün
hadisə yerinə gedəcək.
O, qocalar qocası idi. Üz-gözünü uzun illərin qırışları örtmüşdü.
Sifətini bürümüş əyri-üyrü qırışlar saxsı küpələr üstündə
əmələ gələn çatlara oxşayırdı. Onun mavi, nəm gözləri vardı.
Ağzı açıla qalmışdı, sanki çənəsini dartıb ağzını bağlamaq iqtidarında
deyildi. Müdrik Atanın yeriməyə taqəti olmadığı üçün
onu əl arabasına mindirib sürə-sürə çəmənliyə gətirdilər.
O, saat düşmüş yerə yaxınlaşan kimi saatı üzük qaşı kimi mühasirəyə
almış adamlar aralanıb qocaya yol verdilər, yenidən halay
vurub düzləndilər. Əl arabasını saxladılar, araya sakitlik çökdü.
– Məni bir başa o vücudun yanına aparın, – müdrik Ata
dilləndi.
– Sən elə düz onun yanında dayanmısan, – adda-budda səslər
eşidildi.
– Elə isə məni o vücudun başına fırladın, – qoca dedi. Onu arabada
gəzdirən adam ciddi-cəhdlə qocanı saatın başına dolandırdı.
– Məni o vücudun ətrafında bir də fırladın, – təkidlə dillənən
qoca sanki arabada fırlanmaqdan ləzzət alırdı. Qocanı ikinci dəfə
saatın dövrəsində dolandırdılar.
– Bir də fırladın, – qoca əlavə etdi.
Araba üçüncü dəfə saatın ətrafında dövrə vurub dayandı.
Arabanın qolları yerə qoyulan kimi camaat sakitləşib nəfəsini
içinə çəkdi. Sonra güc-bəla ayağa duran qoca əllərini göyə
qaldırıb tükürpərdici səslə qışqırdı:
– Bu, çıqqıldayan qurbağadır! Bu, çıqqıldayan qurbağadır!
Uşaqlar, daş toplayın, payalarla silahlanın. Tezliklə Derlastonda
mərəkə qopub məhşər günü olacaq.
Bu nəhs xəbəri eşidən derlastonlular daş, paya yığmağı unutdu.
Əvəzində o yerdən üz döndərib başları lovlu haray-həşirlə
evlərinə götürüldülər. Müdrik atanın əyləşdiyi əl arabasını elə
ağlasığmaz sürətlə sürüb aparırdılar ki! Qocaya elə gəldi ki,
gələcəkdən verdiyi xəbər onun gözlədiyindən də tez həqiqətə
çevrilməyə başlayıb. Derlastonun bütün sakinləri – kişilər, qadınlar,
uşaqlar evlərinə doluşub qapı-pəncərələri cəftələyirdilər.
Nə həmin gün, nə də səhəri gün şəhərin küçələrində, çəmənlikdə
bir ins-cins gözə dəymədi. Bütün Derlaston camaatı qaxılıb
evdə oturmuşdu, Məhşər Gününün gəlişini gözləyirdi.
Məlumdur ki, Məhşər Günü gəlmədi. Derlaston camaatı
yorulmadan bibliya kitabını vərəqləyib allaha dua edən vaxt bircə
hadisə baş verdi: səyyah şəhərin giriş qapılarının yaxınlığında
poçt aparan karetadan düşüb çəmənliyə gəldi, itmiş saatını tapdı,
taleyinin xoşbəxtliyinə şükür edib yoluna düzəldi.
Nağılımız qurtardı –
Nağılçımız neyləsin...
İşdir xoşun gəlmirsə,
Yaxşısını söylə sən.