Cəfər Cabbarlının İsmayıl Hidayətzadəyə yazdığı məktub

Vikimənbə saytından
Cəfər Cabbarlının İsmayıl Hidayətzadəyə yazdığı məktub (1931)
Müəllif: Cəfər Cabbarlı
Mənbə: Cəfər Cabbarlının İsmayıl Hidayətzadəyə yazdığı məktub

Hidayətzadə Suxumidə müalicə olunarkən Cabbarlının ona yazdığı məktubundan. Söhbət «Almas» əsərinin tamaşaya qoyulmasından gedir.

«Almas»ı vermişdilər Mayorova. Oxuyub, çox xoşuna gəlib… deyir «potryasayuşie ssenı»ları vardır. Ancaq o, martın 25-dən özünü bizim teatrın rasporyajenisinə verə bilər, çünki o vaxta qədər «Qore ot uma» qoyacaqdər. Ona görə mənə təklif etdilər ki, sən özün Əliağa (Əliyev-rejissor) ilə birlikdə verginən. (Hələ orasını sənə yazım ki, məni beş-altı gündür prikaz ilə rejissorluğa keçiriblər…) Mən dedim istəmirəm… Çünki o dəyişikliyi ki, onlar istəyirlər, mən razı ola bilmərəm. Onlar deyirlər ki, heç bir şeyi dəyişdirmək istəmirik, ancaq bir kəlmə artır ki, Almas kommunistkadır… Mən deyirəm ki, Almasın təbiəti tam başqadır… Onun bir çox səhvləri vardır. Naivnidir və i.a. kommunist olsa, onun şəxsiyyəti ilə tutduğu vəziyyət arasında proval əmələ gələr… Mən deyirəm qoyun bu il qalsın… Razı olmurlar…….

«Bakinski raboçi» teatrı «Sevil»i yaxşı vermədi. Xoşuma gəlmədi. Sözlərini bir qədər dəyişdiriblər… Mən protest etdim… Dedilər, yoldaş Cabbarlı, gördün ki, böyük-böyük kişilər yaylıq çıxarıb uşaq kimi ağlayırdılar. Arvad və qızlardan danışmağa belə dəyməz… Sənin üçün bütün salon yarım saat ovasiya düzəltdi, heç bir yazıçı ki…. Buraya gəlmişdilər, belə şey görməmişdilər. Halbuki, sən yenə bizim quruluşumuzdan razı deyilsən. Mən dedim: «Ağlamaları ilə mənim işim yoxdur, Azərbaycan və erməni teatrlarında da ağlayırlar. Ovasiyanı da özüm üçün deyil, Azərbaycan mədəniyyəti ilə rus kütləsi arasındakı rabitə ayağına hesab edirəm. O ki, qaldı mənim özümə, mənə pul lazım deyil, elə böyük adım da yoxdur ki, batırasınız. Lyubitel babayam, durmuşdum yerimdə, bayaq da yerdəydim, yenə də yerdəyəm. Ancaq bu əsər Azərbaycan səhnəsinin əsəridir. Mən razı olmaram ki, siz o səhnəni şübhə altına alasınız… çünki Azərbaycan səhnəsi belə primitiv və bədii qiyməti olmayan səthi agitkalardan yüksəkdir.» Nə isə, bu da hələ qalsın…

…Türk işçi teatrı da «Sevil»i verir. Orada Ülvi və Mərziyə oynayırlar… indi Qutman «Sevil»i verir. O da baş-ayaq vurur. Məsələn, bir bal verir. Orada Balaşın bir qohumunu öldürürlər. Beləliklə, Atakişinin geydiyi «ölü» paltarı məlum olurmuş… Baxdım… baxdım… nə deyim? Xülasə bir tutuşduq. Yarıyacan təslim oldu. Sabah bir də danışacağıq. Nə isə… bu hələ qalsın…

İmza.
1931-ci il.