Cahan dərdidir

Vikimənbə saytından
Ana, mənim dərdim Cahan dərdidir
Müəllif: Aşıq Abdulla

Başına döndüyüm gül üzlü ana,
Ana, mənim dərdim Cahan dərdidir.
Dərdindən olmuşam dəli-divana,
Ana, mənim dərdim Cahan dərdidir.

Farağat-farağat otduğum yerdə,
Oxuyub dərsimə çatdığım yerdə,
Şirin hab içində yatdığım yerdə,
Ana, mənim dərdim Cahan dərdidir.

Abdulla uymadı dünya malına,
Zibasına, qumaşına, alına,
Hər quş uçdu qondu dallı dalına,
Ana, mənim dərdim Cahan dərdidir.