Cahan qarı ilə deyişmə

Vikimənbə saytından
Cahan qarı ilə deyişmə
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Cahan
Söylə görüm haralısan?
Danış indi sözün oğlan,
Ağlı, göylü, qaralısan,
Çıxart baxım sazın oğlan.

Aşıq Hüseyn
Mənim əslim gəncəlidi,
Şəmkirbasan elim mənim.
Səyasətlər çəkib başım,
Düşüb bura yolum mənim.

Cahan
Danışıqda naçar olsan,
Bağlamalar açar olsan,
Gecə durub qaçar olsan,
İzlədərəm izin oğlan.

Aşıq Hüseyn
Dostun yolunda naçaram,
Çox bağlamalar açaram,
Ölüncə çətin qaçaram,
Kəssələr də dilim mənim.

Cahan
Reyhan sinəni dağladar,
Qollarını dar bağladar,
Anacığmı ağladar,
Çəkən olmaz nazm oğlan.

Aşıq Hüseyn
Dəryalara dalaram mən,
Canım oda salaram mən,
O reyhanı alaram mən,
Ona çatsa əlim mənim.

Cahan
Xoş gəlibsən Naxçıvana,
Dərdini söylə Cahana,
Səni yetirrəm Reyhana,
Onu görər gözün oğlan.

Aşıq Hüseyn
Aşıq Söyün, aç meydanı,
Gəldim görüm Naxçıvanı,
Bircə qucsaydım Reyhanı,
Dərdim yoxdu, ölüm mənim.