Cahannamə
Cahannamə Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Dəhri fənada belə insan hanı?
Qılmaya fani ona dövran hanı?
Ey bivəfa dünya, sən nə zalımsan,
Bu qayətdə sənə gələn can, hanı?
Əvvəl sənə gəldi Adəmü - Havva,
Beş gün səndə qonaq qaldı binəva.
Öldürdün Habili, saldın bir dava,
Düşdü aralığa nahaq qan, hanı?
Neçə padişahlar gəldi, sahibi- cəng,
Cəmşidü-cəm, Nuşiravanü Huşəng.
Dağyanüs, Hülakü, Çingiz, Teymurləng,
Onlardan bircəsi bu zaman, hanı?
Ey bivəfa dünya , fanisən, fani,
Necə dağıtdın sən, şövkəti- şani!
Gecələr çaldılar gürzü -girani,
Rüstəmi-Zal kimi pəhləvan hanı?
Dünya, hanı Mühəmmədəl Mustafa,
Cəni ondan ötrü yaratdı Xuda,
Onu da özündən eylədin cida,
İsa, Musa, təxti-Süleyman hanı?
Neçə həkim gəldi, təbibi-zaman,
Ərəstun, Əflatun, Fərəzdək, Xaqan,
İstədi dirildə özünü Loğman,
Qaldı kuzəsində yarımcan, hanı?
Hanı Xosrov, Həsən, Yusif – Züleyxa,
Hanı Əsli-Kərəm, Vamüqü – Əzra?
Şeyx Sənan sevmiş idi bir tərsa,
Ey bivəfa, səndə din, iman hanı?
Hafiz, Nəvai, Füzuli, Cami,
Şeyx Sədi, Hilali, Ürfü, Nizami.
Dünya, səndə kəşf eləyib tamami
Firdovsitək nəzmi dürr-əfşan hanı?
Rumdan qalxan zaman o Fətəli xan
Qılıncının ucundan damırdı qan.
Harami mənimdi, deyən qəlbi qan,
Harami burdadır, Həsən xan hanı?
Dünya, səndə aşıq Səməd var idi.
Nəzmi - şeri ləli -göhərdar idi,
Bir gözəl eşqinə giriftar idi,
Onun kimi bir bəhri -ümman hanı?
Bu dünyada heç də gəzməmişdi kəm,
Aşıq Əli oğlu, aşıq Məhərrəm.
Həsrətin çəkirdi Rum, həm də Əcəm,
Əlində tütəyi-balaban hanı?
Hanı Molla Pənah, bivəfa cahan,
Təxəlüsü Vaqif, nəzmi dürr-əfşan.
İndi eyləmisən xak ilə yeksan,
Tapmaq olmaz o kamalda can, hanı?
Cümlə yola gedər hayıf gözəllər,
Sırf müşki-ənbər qoxuyan tellər,
Murad üstə neçə xınalı əllər
Torpağa döndülər, ay aman, hanı?
O ala gözlərə, o gül yanağa,
O nazik əndama, o tər buxağa,
Necə qıyıb, göndərirsən torpağa,
Nazənin-nazənin neçə can, hanı?
Müşgül işdi, bir də dolana dövran,
Növbət mənə yetə, aman, ələman!
Bir gün olar, görən, bilən, tanıyan!
Deyərlər Valehi - dürr-dəhan hanı?