Camalın rövzeyi-rizvan deyilmi
Görünüş
Camalın rövzeyi-rizvan deyilmi Müəllif: İmadəddin Nəsimi |
Camalın rövzeyi-rizvan deyilmi?
Dodağın çeşmeyi-heyvan deyilmi?
Səqahüm rəbbihüm xəmri ləbindən,
Bəyanü ayəti-Qur’an deyilmi?
Rüxü zülfün bəyaz ilə səvadı,
Biri küfrü biri iman deyilmi?
Sənin məstanə eynin sağərindən
Cahan sərtasəri məstan deyilmi?
Şəha, eşqin yolunda canı qurban
Buyursan, qılmağı asan deyilmi?
Dili-sərgəşteyi, sultani-aləm,
Səninçün ta əbəd heyran deyilmi?
Nəsimi kəşfi-əsrarını bildi,
Anı fəhm etməyən nadan deyilmi?