Məzmuna keç

Canımı qıldım fəda şol dilbərin didarına

Vikimənbə saytından
Canımı qıldım fəda şol dilbərin didarına
Müəllif: İmadəddin Nəsimi


Canımı qıldım fəda şol dilbərin didarına,
Aşiq oldur canını qıldı fəda dildarına.

Çünki Məcnun gördü ol üzündə həqqin surətin,
Aşiqin mə’şuqəsi Leyli olur didarına.

Gəl asıl bərdar çün Mənsurləyin, Mənsurvar,
Aqibət mənsurini Mənsur asar darına.

Dünyanın nazü nəimi laşeyi-murdar imiş,
Assığı yoxmuş anın, sən girməgil bazarına.

Şəm’i-ənvari-təcəllidir camalı dilbərin,
Ey könül, pərvanətək gəl yan bu şəm’in narına.

Xoş keçir ömrün, Nəsimi, sən cahanda yar ilən,
Aqil isən təkyə qılma dünyanın dinarına.