Canımı yandırdı şövqün, ey nigarım, qandasan
Canımı yandırdı şövqün, ey nigarım, hardasan Müəllif: İmadəddin Nəsimi |
Canımı yandırdı şövqün, ey nigarım, hardasan?
Gözlərim nuru, iki aləmdə varım, hardasan?
Bağrımı qan eylədi acı fəraqın, gəl iriş,
Ey ləbi vüslət şərabi-xoşgüvarım, hardasan?
Firqətin xarı məni gör kim, nə məcruh eylədi,
Ey gözü nərgis, həbibi-gülüzarım, hardasan?
Səbrimi yəğmaladı şövqün, qərarım qalmadı,
Ey mənim aramım, ey səbrü qərarım, hardasan?
Eylədi eşqin məni qalxan məlamət tirinə,
Ey gözü, qaşı yeləkli şəhriyarım, hardasan?
Ta üzün şəm’indən iraq düşmüşəm, pərvanətək
Yanaram leylü nəhar, ey nurü narım, hardasan?
Səndən ayru könlümün yoxdur vəfalı yarü dust,
Ey cəfasız hüsni-kamil, yariğarım, hardasan?
Dəldi hicranın oxu eşqində yanan bağrımı,
Surətü mə’nidə, ey çapüksüvarım, hardasan?
Zülfünə vermiş əmanət həq əzəldə sirrini,
Ey əmanətdar, əmini-kirdigarım, hardasan?
Qatı müştaq olmuşam zülfü üzarın buyinə,
Ey üzü gülşən, saçı mişki-tatarım, hardasan?
Badilən göndər saçın buyin mana hər sübhdəm,
Ta ki yandım, keçdi həddən intizarım, hardasan?
Aşiqin cənnati-ədni şol camalın vəslidir,
Ey şərabi-kövsərim, getməz xumarım, hardasan?
Yar üçün hər guşədə min div olur düşmən mana,
Ey səvadi-ə’zəmü möhkəm həsarım, hardasan?
Çün Nəsimidir bu gün əyyami-eşqin xosrovu,
Ey şəkərləb, yari-şirinruzigarım, hardasan?