Məzmuna keç

Canımın cövhəri ol ləli-gühərbarə fəda

Vikimənbə saytından
Canımın cövhəri ol ləli-gühərbarə fəda
Müəllif: Məhəmməd Füzuli

Canımın cövhəri ol ləli-gühərbarə fəda,
Ömrümün hasili ol şiveyi-rəftarə fəda.

Dərd çəkmiş başım ol xali-siyəh qurbanı,
Tab görmüş tənim ol türreyi-tərrarə fəda.

Gözlərimdən saçılan qətreyi-əşkim gühəri,
Ləblərindən tökülən lölöi-şəhvarə fəda.

Çak sinəmdə olan qanlı cigər parələri
Məst çeşmində olan ğəmzeyi-xunxarə fəda.

Parə-parə dili-məcruhi-pərişanımdan,
Səri-kuyində gəzən hər itə bir parə fəda.

Canü dil qeydini çəkməkdən özüm qurtardım,
Canı cananəyə etdim, dili dildarə fəda.

Ey Füzuli, nola gər saxlar isəm canı əziz,
Vəqf ola kim, ola ol şuxi-sitəmkarə fəda…