Məzmuna keç

Canım (Varxiyanlı Aşıq Məhəmməd)

Vikimənbə saytından
Canım
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ay ariflər, nə kəmtale qul oldum,
El içində haqqı zay olan canım.
Qədirbilməzlərin qədrini aldım,
Əməyi itibən zay olan canım.

Bağban idim bağda bar səbəbinə,
Bülbül idim gülüzar səbəbinə,
Biilqar, bivəfa yar səbəbinə,
Divanə Məcnuna tay olan canım.

Məhəmmədəm, bir murada yetmədim,
Baş götürüb qalmaqaldan getmədim,
Öz oxumu bir mənzilə atmadım,
Özgələr oxuna yay olan canım.