Canım hey
Görünüş
Canım hey Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Köç-köç oldu, köçdü ellər, obalar.
Bayqudan viranda qalan canım hey!
Çaylar coşdu, yollar işləməz oldu,
Gəmisi girdabda qalan canım hey!
Əzəl başdan söz ustadı gələndə,
Qaşı cəllad, gözü yağı gələndə,
Hərdəm gözəlimin adı gələndə,
Saralıb gül kimi solan canım hey!
Qurbaniyəm, fikrim gəzir asmanda,
Canan harda olsa, can alar anda,
Yəqub kimi qan ağlaram Kənanda,
Yusif tək zindanda qalan canım hey!